Nizami Gəncəvi....
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Nizami Gəncəvi bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirmiş, şərq poeziyasını forma və məzmunca zənginləşdirmiş və yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaratmışdır. Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrar olunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir.
Yazılı mənbələrdə Nizaminin həyatına dair məlumat az olsa da, şairin əsərlərindən onun insanlığa nümünə olan şəxsiyyəti, mənəvi aləmi haqqında ətraflı məlumat almaq olur.
İlk yaradıcılığa rübai şerlərlə başlayan Nizami dünya ədəbiyyatı tarixində “Xəmsə” (şairin ölümündən sonra onun beş poeması bir yerə toplanıb xəmsə adlandırılmışdır) müəllifi kimi məşhurdur. O, xəmsəçilik ədəbi məktəbinin əsasını qoymuş, klassik ədəbiyyata yeni bir dünya görüşü, forma və məzmun gətirmişdir. ”Xəmsə” çoxlu surət və qəhramanları özündə əks etdirən əbədi olaraq ədəbi abidədir. Burada onlarça əsas və ikinci dərəcəli obraz və qəhramanlar vardır. Şairin yaratdığı surətlərin əksəriyyəti romantik və realist ənənələrin vəhdətindən yaranmış müsbət və mənfi surətlərdir.
“Sirlər xəzinəsi” didaktik-fəlsəfi poemadır. Burada o, öz duyğu və düşüncələrini ifadə edərək, çox vaxt epik süjetlərdən faydalanmır, əksinə lirik məqamlardan istifadə edir. “Sirlər xəzinəsi” poeması Nizamini arayıb kəşf etdiyi ilk xəzinədir. Nizaminin ilk məsnəvisi 20 məqalət (söhbət) və 20 hekayət toplusundan ibarətdir. Hökmdar və xalq problemi Nizami yaradıcılığında əsas problemlərdən biridir. Əmək və əməkçi insan mövzusu da Nizaminin “Sirlər xəzinəsi”ndə əsas yer tutur. Əxlaqi-mənəvi sağlamlıq və kamillik problemi də Nizami yaradıcılığında özünəməxsus bir yer tutur.
“Xəmsə”yə daxil olan ikinci dastan “Xosrov və Şirin” dastanıdır. Əgər Nizaminin birinci əsəri əxlaqi-didaktik səpkidə yazılmışsa, ikinci epik əsəri isə aşiqanə-romantik bir dastandır. Nizaminin bu poemasında eşqin mənası böyükdür. Əsərdə Xosrov şahzadə, hökmdar kimi parlasa da, məhəbbətdən ayrı onun gün-dirliyi, səadəti yoxdur. Nizaminin sevə-sevə yaratdığı Şirin surəti onun qadın haqqında arzu və ideyalarının bədii təcəssümüdür. Poema iki sevən insan arasındakı əqli-mənəvi uyğunsuzluq konfliktin əsasında durur.
“Xosrov və Şirin” dastanı ilə Nizami öz eşq fəlsəfəsini bitirməmişdir. Bu məqsədlə Nizami “Leyli və Məcnun” dastanını qələmə alaraq, insan və zaman façiəsinin yeni bir bədii və fəlsəfi şərhini vermişdir. “Leyli və Məcnun” dastanı qəm-kədər dastanıdır. Bu dastanda sevən insanla zaman arasındakı əksliklər konfliktin əsas ideya mənbəyidir. Şair insan varlığında əksini tapan ilahi gözəlliyə yeni bir məna vermiş, eşqi hikmət və müdriklik mənbəyi kimi qiymətləndirmişdir.
Nizami “Sirlər xəzinəsi”ndə başladığı hökmdar və cəmiyyət ideyasını davam və inkişaf etdirərək yeni nəticələrə gəlmiş, işıqlı, mütərəqqi fikirlər irəli sürmüşdür. Şairin “Yeddi gözəl” əsəri bu baxımdan çox faydalı və dəyərli bir əsərdir. “Yeddi gözəl” poeması yeddi rəqəmi üzərində qurulmuşdur. Bu əsərdə Nizaminin şərh və tətqiq etdiyi əsas məsələ yenə də hökmdar və cəmiyyət məsələsidir. Nizami əvvəlki əsərində olduğu kimi burada da öz qüsurlarını başa düşən, kamala çatan şahı çox yaşatmır, epik qəhramanın ölümü ilə də əsərini tamamlayır.
“İskəndərnamə” Nizami yaradıcılığının zirvəsidir, şairin uzun illər apardığı yaradıcılığını romantik bir şəkildə tamamlamış, gələcək nəsillərə vəsiyyət etmiş, gəldiyi son nəticə və qənaətlərini açıb bildirmişdir. Şairə görə, bu dastanın gücü ondadır ki, burada yalan yoxdur, ən uğurlu, xoş və sevimli bir dastandır. Nizami bu əsərində öz zəmanəsini əks etdirərək möhtəşəm bir poetik abidə yaratmışdır, dövrün müxtəlif ictimai-siyasi və əxlaqi-mənəvi problemlərinə toxunmuşdur. Bütün bu məziyyətlərinə görə də “İskəndərnamə” dastanı XII yüzillik Azərbaycan intibah şeri və mədəniyyətinin əlçatmaz zirvəsidir. Bu poema İskəndərin, alimlərin və nəhayət Nizaminin ölümü ilə tamamlanır.
Dünya bədii mədəniyyət tarixində ən böyük və əlamətdar möcüzələrdən olan Nizami sənəti kamillik və müdriklik zirvəsidir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin söz gülüstanı daim yaşayacaq, təravət və gözəlliyini əbədi qoruyub saxlayacaqdır. |
|